İsrai-HƏMAS razılaşması | detallar

   İsrai-HƏMAS razılaşması    | detallar
  09 Oktyabr 2025    Oxunub:795
İsrail və HƏMAS arasında Qəzza zolağında hərtərəfli atəşkəs haqqında razılaşma İsrail qoşunlarının Qəzza ərazisinin 70%-dən tədricən çıxarılmasını və eyni vaxtda girov və məhbusların azad olunmasını ehtiva edir.
AzVision.az xəbər verir ki, Şarm-əş-Şeyxdə aparılmış danııqlara yaxın olan misirli mənbə “Sky News Arabia” telekanalına açıqlamasında belə deyib.

“Qoşunların razılaşdırılmış xəttlərə çıxarılmasından sonra İsrailin Müdafiə ordusu (ÇAXAL) Qəzza zolağının 53% ərazisinə nəzarəti davam etdirəcək. Bu, ABŞ prezidenti Donald Trampın sülh planının “sarı xətt”ində nəzərdə tutulduğunadan təxminən 4% azdır. Bu xətt girov müqaviləsindən sonra qoşunların çıxarılmasının ilk mərhələsidir”, - İsrailin “Ynet” nəşri yazır.

Qeyd edək ki, “Jerusalem Post” qəzeti sentyabrın sonunda İsrail ordusunun Qəzza şəhərinin yarıdan çoxu üzərində əməliyyat nəzarəti yaratdığını bildirib. Şəhərin bir milyonluq mülki sakinlərindən 800 mindən çoxu təxliyə edilib.

“Sky News Arabia” telekanalının mənbəsi həmçinin sazişin birinci mərhələsinin sağ qalmış israilli girovların və 2000-dən çox fələstinli məhbusun azad edilməsini nəzərdə tutduğunu söyləyib.

Bununla belə, İsrail ordusu öz əsgərlərini “istənilən ssenariyə hazır olmağa” çağırıb.

- İsrailin Müdafiə qüvvələri hələ də Qəzza şəhərini mühasirədə saxlayır və ora qayıtmaq son dərəcə təhlükəlidir”, - ÇAXAL fələstinlilərə xəbərdarlıq edib.

“Reuters” agentliyi, öz növbəsində, xəbər verir ki, İsrail və HƏMAS oktyabrın 9-da Bakı vaxtı ilə saat 13:00-da dərhal atəşkəs haqqında saziş imzalayacaqlar. Agentliyin məlumatına görə, İsrailin Qəzza zolağından qismən çıxarılmasının birinci mərhələsi HƏMAS ilə saziş imzalandıqdan sonra 24 saat ərzində başlayacaq.

ÇAXAL-ın sözçüsü bildirib ki, İsrail ordusu yəhudi dövləti ilə HƏMAS arasında əldə olunan razılaşma çərçivəsində hazırlıq addımlarını həyata keçirməyə başlayıb. Hərbçilər ordu hissələrinin yerdəyişməsi üçün lazımi təlimatlar hazırlayır.

“Ölkənin siyasi rəhbərliyinin göstərişlərinə əməl edərək və vəziyyətin qiymətləndirilməsini nəzərə alaraq, ÇAXAL sazişin həyata keçirilməsi üçün operativ hazırlıq işlərinə başlayıb. Bu prosesin tərkib hissəsi kimi uyğunlaşdırılmış dislokasiya xətlərinə keçmək üçün hazırlıq addımları atılır və döyüş planları hazırlanır”, - məlumatda vuröulanır.

İsrail ordusunun sözçüsü Avihaya Adraiyə istinad edən “The Times of Israel” qəzetinin yazdığına görə, Qəzza zolağının Vadi-Qəzza rayonunun şimalındakı hissəsi döyüş zonası olaraq qalır və mülki şəxslərin oraya qayıtması son dərəcə təhlükəlidir.

Sahil İsgəndərov
AzVision.az


Teqlər: İsrail   HƏMAS   razılaşma  



Xəbər lenti